...

BDU-da Məzun Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 30 İyun 2022 17:38 (UTC +04:00)
BDU-da Məzun Günü keçirilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Trend-in məlumatına görə, tədbirdə əvvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.

Mərasimi giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: "Bu gündən etibarən qarşınızda yeni üfüqlər açılır. Siz şanlı tariximizin qızıl hərflərlə yazıldığı bir dövrdə məzun olursunuz. Fəxr edirik ki, işğaldan azad edilmiş doğma torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında universitetimizin tələbə və məzunları, sizin həmyaşıdlarınız da var. 44 günlük Vətən müharibəsində gənclərimizin canı və qanı hesabına əldə edilmiş Qələbəyə Bakı Dövlət Universitetinin 200-ə yaxın məzun və tələbəsi imza atıb, onlardan 19 nəfəri şəhidlik zirvəsinə yüksəlib”.

Rektor vurğulayıb ki, BDU fəaliyyət göstərdiyi dövr ərzində 200 min nəfərədək mütəxəssis və yüksəkixtisaslı kadr yetişdirib. 103 il bundan əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitetdə hazırda 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır, 3 minə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır.
Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Məzunları təbrik edən təhsil naziri Emin Əmrullayev bildirib ki, BDU Azərbaycan təhsil tarixinin ən vacib flaqmanıdır: “BDU yalnız burda oxuyanların deyil, hər bir azərbaycanlının universitetidir. Çünki Azərbaycanın ali təhsil tarixi məhz bu universitetlə başlayır. Siz bu ali təhsil ocağında elm, biliklə yanaşı, əsl vətəndaş, ləyaqətli və dürüst insan kimi vacib olan dəyərlərə yiyələnmisiniz. Siz Zəfər çalmış xalqın gənclərisiniz, “Şuşa ili”ndə məzun olursunuz. İşğaldan azad edilmiş torpaqlarımızda hər sahə üzrə yüksək ixtisaslı kadrlara böyük ehtiyac var. Əminəm ki, BDU məzunlarının bir hissəsinin əmək fəaliyyəti məhz həmin torpaqlarla bağlı olacaq. Hər birinizə doğma Azərbaycanımıza layiqli vətəndaş olmağı arzu edirəm”.
Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, BDU-nun Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini deyib, Ulu öndər Heydər Əliyevin bu ali məktəbin məzunu olduğunu qürur hissi ilə xatırladıb.

Daha sonra BDU haqqında videoçarx nümayiş etdirilib, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbər lenti

Xəbər lenti