Bakı. Trend:
Bu gün ölkəmizdə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdir.
Trend-in məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır.
"Təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridir və insan inkişafı indeksində əsas komponentdən biri kimi əks olunmuşdur. Bu nöqteyi-nəzərdən təhsil hər bir ölkənin insan inkişafı və dövlətin gələcəyi üçün vacib şərtdir. Biz artıq elə bir sürətlə dəyişən dövrdə yaşayırıq ki, təhsil sahəsində atılan addımlar müasir tələblərlə deyil, gələcəyin perspektivləri üzərində köklənməli və kəmiyyətə deyil, keyfiyyətə yönlənməlidir. Gündən-günə bu gün öyrəndiklərimizin, sabah lazım olmama riskləri artır.
Bu gün emosional intellekt iş fəaliyəti üzərində önəmli təsirə malikdir. Təcrübəyə görə öz emosiyalarını yaxşı başa düşən və başqalarının emosiyalarını oxuya bilən insanlar öz işlərində daha səmərləli olurlar. Təhsil alanlarda özünü tanıma, özünü idarəetmə, özünü həvəsləndirmə, empatiya, sosial bacarıqlar kimi şəxsi keyfiyyətlərin formalaşdırılmasına da diqqət artırılmalıdır. Bir sözlə kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır ki, həm işəgötürənlərin, həm də işləyənlərin gözləntiləri özünü doğrultmuş olsun.
Məlumat üçün bildirim ki, KOBİA komandasına daxil olmaq istəyənlərin seçimlərində həm ixtisas biliklərinə, həm də emosional portretinə xüsusi diqqət ayrılır", - deyə O.Məmmədov bildirib.