...

Özlərini “Azərsu" əməkdaşı kimi təqdim edib qanunsuz su xətləri çəkən dələduzlar yoxa çıxıb (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2022 12:33 (UTC +04:00)
Özlərini “Azərsu" əməkdaşı kimi təqdim edib qanunsuz su xətləri çəkən dələduzlar yoxa çıxıb (FOTO)

Bakı. Trend:

Bakı şəhəri Xəzər rayonunda qeyri-qanuni içməli su şəbəkəsinin yaradılmasına cəhdlərin qarşısı alınıb. Məlum olub ki, özlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs pul müqabilində vətəndaşların evlərinə su xətləri çəkir.

Qurumdan Trend-ə verilən məlumata görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində Raco adlı şəxs tərəfindən əsasən gecə saatlarında asvalt küçələrdə xüsusi texnika ilə qazıntı işləri aparılıb, yol örtüyü dağıdılaraq 600 metr uzunluğunda su xətti çəkilib.

Buzovna qəsəbəsində isə qanunsuz su xətti çəkən şəxs bir neçə fərdi yaşayış evinə birləşmə verilməsi üçün sakinlərdən pul tələb edib. Bəzi vətəndaşlar onların vədlərinə aldanaraq tələb olunan pulu veriblər. Qanunsuz olaraq su xətləri çəkilib, evlərə birləşmələr verilib. Həmin şəxslər sayğacların qoyulacağını və abonent kodu veriləcəyini vəd etsələr də yoxa çıxıblar.

Bu cür hallar ərazidə yaşayan digər sakinlər üçün də problemlər yaradır. Belə ki, qeyri-qanuni su xətlərinin çəkilməsi hidravliki rejimlərin pozulmasına səbəb olur. Nəticədə içməli sudan qanuni istifadə edən abonentlər normal qaydada su ala bilmir. Araşdırmalardan məlum olub ki, Xəzər rayonunun digər yaşayış məntəqələrində, xüsusilə Binə qəsəbəsində belə hallara daha çox rast gəlinir. Raco, Şaiq, Ramin, Lazım və digər şəxslər vətəndaşlarla sövdələşməyə gedərək pul müqabilində qanunsuz su xətləri çəkir.

“Azərsu” ASC vətəndaşlara tövsiyə edir ki, bu cür təkliflərə aldanıb sövdələşməyə getməsinlər. Çünki belə hallarda sənədləşmə aparılmır, abonentlər sayğacla təmin edilmir və kod verilmir. Üstəlik qanunsuz çəkilmiş su xətləri ləğv edilir.

Vətəndaşların diqqətinə çatdırılır ki, içməli su şəbəkəsinə qoşulma yalnız yeni mərkəzləşdirilmiş içməli su şəbəkələrinin yaradılması layihələri çərçivəsində, həmçinin mövcud şəbəkələrə qoşulmaq üçün alınmış texniki şərt əsasında həyata keçirilir.

“Azərsu” ASC şəbəkələrə özbaşına müdaxilə edənlərin əməllərinə hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün bundan sonra da hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti