Bakı. Trend:
Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün vacib olan maddələrdəndir. Xolesterin bütün hüceyrələrin membranlarına daxildir, o, hormonların sintezində və mübadilə proseslərində iştirak edir, sinir toxumalarını əhatə edən qoruyucu qatı əmələ gətirir. Lakin xolesterinin yüksək olması təhlükəsi haqqında da tez-tez eşidirik və onu yağlı qidalar qəbul etməklə əlaqələndiririk. Bəs qanda xolesterinin yüksək səviyyəsinin olması hansı xəstəliklərə səbəb olur? Qarşısını necə almaq olar? Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Samir Mustafayev bu mövzuda suallarımızı cavablandırıb.
- Samir müəllim, qanda xolesterinin çox olması həqiqətən təhlükəlidirmi?
Xolesterin orqanizmdə normadan artıq olduqda insanın həyatı üçün təhlükəyə çevrilir. Artıq xolesterin damarlarda yığılmağa balşayır ki, bu da damarların daralmasına, zəifləməsinə, tıxanmasına səbəb olur. Bütün bunlar isə öz növbəsində, ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbləridir.
- Qanda xolesterinin yüksək olmasının əlamətləri hansılardır?
Qanda xolesterinin yüksək olmasının əlamətləri bunlardır: ürək nahiyəsində ağrılar, sıxılma hissi, yüngül fiziki iş və ya qısamüddətli gəzintidən sonra ayaqlarda ağrılar, göz qapaqlarında və gözlərin altında kiçik sarı piy şişlərinin əmələ gəlməsi, təzyiqin tez-tez qalxıb-düşməsi, zəiflik və yorğunluq, saçların tez ağarması, baş ağrıları, yaddaşın və diqqətin pozulması. Bu əlamətləri özünüzdə hiss etdikdə mütləq qanda xolesterinin səviyyəsini yoxlamaq lazımdır.
- Hiperkolesterolemiya xəstəliyi nədir?
Hiperkolesterolemiya xəstəliyi qanda xolesterinin səviyyəsinin yüksəldiyi, ateroskleroz və buna görə də ürək-damar xəstəlikləri riskini artıran lipid mübadiləsi pozğunluğudur. Bu pozğunluq qaraciyərin artıq yığılan və qan damarlarının divarlarına yığılan LDL xolesterinin hamısını çıxara bilməməsi ilə əlaqədardır. Arteriyalar daraldıqda hipertoniya baş verə bilər. Buna görə ürək daha çox işləməli olur ki, bu da ürək xəstəliyi ilə əlaqələndirilir. Öd və ya həzm mayelərində həddindən artıq xolesterin isə kristalların əmələ gəlməsinə səbəb ola bilər ki, bu da öd kisəsi daşlarına çevrilərək bərk ağrıya səbəb olur. Xolesterin böyrəkdə toplanarsa, böyrək çatışmazlığı və yüksək qan təzyiqi ilə nəticələnir. Ümumiyyətlə, insan bu pozğunluqdan xəbərdar olana qədər arteriyalar artıq 75% -dən 90% -ə qədər funksionallığını itirir. Buna görə də, mümkün qədər tez lazımi tədbirlər görmək üçün qanda ümumi xolesterin və triqliseridlərin səviyyəsini mütəmadi olaraq yoxlamaq vacibdir.
- Xolesterinin səviyyəsini necə aşağı salmaq mümkündür?
Xolesterinin səviyyəsini aşağı saldıqda, ürək-damar xəstəliklərinin qarşısını almaq mümkündür. Bunun üçün bir qayda olaraq 20 yaşdan yuxarı şəxslər 5 ildə 1 dəfə lipid spektiri analizlərindən keçmələri məsləhətdir. Balə ki, bu müayinə ürək-damar xəstəliklərinin profilaktikasında önəmli rol oynayır. Eyni zamanda qidalanmaya diqqət etməli, qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq, çox yağlı yeməklərdən çəkinmək, qida rasionuna sarımsaq, qatıq, keşniş, zəncəfil və avokado əlavə etmək, yumurtadan az istifadə etmək, mümkün qədər çox meyvə və tərəvəz yemək, hər gün açıq havada piyada gəzmək məsləhətdir.
Təşəkkür edirik.
Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova