...

Şəhər mühitinin avtomobillər üçün yox, insanlar üçün rahat və əlçatan olması əsas götürülməlidir - BNA

Cəmiyyət Materials 22 Sentyabr 2022 20:57 (UTC +04:00)
Şəhər mühitinin avtomobillər üçün yox, insanlar üçün rahat və əlçatan olması əsas götürülməlidir - BNA
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yollarda artan nəqliyyat sıxlıqları sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bu haqda müxtəlif fikirlər bildirilir və həll yolları təklif edilir.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, vəziyyətdən çıxış yolu dayanıqlı şəhər mobilliyi prinsiplərinin tətbiq edilməsidir.

"Şəhər mühitinin avtomobillər üçün yox, insanlar üçün rahat və əlçatan olması əsas götürülməlidir. Bu halda biz hərəkət imkanlarımızı genişləndirməklə tıxac problemini həll edə bilərik. Bakı Nəqliyyat Agentliyinin bu günədək həyata keçirdiyi bütün tədbirlərin ana xəttini də məhz elə bu prinsiplər təşkil edir.

Bu prinsiplər əsas götürülməklə Agentliyin 6 ildə qurmağa çalışdığı şəhər nəqliyyatının əsasında ictimai nəqliyyat dayanır. Ötən dövrdə bu sektorda yeni xidmət standartları tətbiq edilib, nağdsız ödəniş sisteminə keçilib, maliyyə şəffaflığı artırılıb, müasir infrastruktur yaradılıb, avtobus parkının əhəmiyyətli hissəsi yenilənib və bu proses davam etməkdədir", -M. Ağayev deyib.

Qurum rəsmisi qeyd edib ki, ictimai nəqliyyatın səmərəli fəaliyyəti və etibarlılığının artırılması üçün zəruri faktorlardan biri də xüsusi zolaqların təşkilidir: "Dünya təcrübəsi də avtobus zolaqlarının tıxacların qarşısının alınmasında əhəmiyyətli təsir vasitəsi olduğunu göstərir. İndiyədək Agentliyin təşəbbüsü ilə 10 küçə və prospektdə avtobus zolağı təşkil edilib. Amma zolaqlardan düzgün istifadə və davamlılıq olmadığından onların səmərəliliyi hiss olunmur. İctimai nəqliyyatın cəlbediciliyinin artırmaq həm də qeyri-qanuni sərnişindaşımaların qarşısının alınması baxımından da faydalıdır. Çünki tıxacların yaranmasına rəvac verən qanunsuz daşımalar ictimai nəqliyyatın fəaliyyətinə mənfi təsir göstərməklə onun gəlirliyini azaldır və ümumilikdə, sistem üçün əhəmiyyətli risklər yaradır".

Mais Ağayev bildirib ki, tıxacların və sürətli avtomobilləşmənin qarşısının alınması baxımından alternativ olaraq, daha çox piyada gəzintiləri təşviq olunmalı və piyada infrastrukturu inkişaf etməlidir: "Bu məqsədlə son 6 ildə Agentlik tərəfindən 200-ə yaxın küçədə piyada əlçatanlığı və təhlükisəziliyinin təmin edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib - səkilərdə pandus, təhlükəsizlik tumbası, məhəccər quraşdırılıb, səkilər standartlara uyğunlaşdırılıb. Görülən işlər şəhərdə piyada təhlükəsizliyinin artırılmasına töhfə verib - 2021-ci ildə 2019-cu illə müqayisədə piyadaların iştirakı ilə baş verən hadisələrinin sayı 7%, 2021-ci ildə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı 2016-cı il ilə müqayisədə 26.8% az olub.

Bütün digər iri şəhərlərdə olduğu kimi tıxac və sıxlıq halları paytaxtımız üçün də səciyyəvidir. Lakin yollarda tıxaca səbəb olan halların aradan qaldırılmasına düzgün yanaşmaqla biz onun təsirlərini minimuma endirə bilərik. Düzgün yanaşma isə alternativsiz olaraq dayanıqlı şəhər mobilliyi prinsipləridir. Cəmiyyət olaraq da hər birimiz bu işin tənqidçisi deyil, tam əksinə təbliğatçısı kimi çıxış etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti