Quba. Trend:
Quba rayonunda təcili tibbi yardım maşınlarında xəstələrə videomüşahidə ilə xidmət göstərmək mümkün olacaq.
Trend-in məlumatına görə, bunu Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov deyib. O bildirib ki, pilot layihə ilk dəfə Qubada tətbiq edilib.
"Hazırda iki təcili tibbi yardım maşınına kamera quraşdırılıb. Bu, imkan verir ki, xəstənin profilinə uyğun xəstəxanada olan həkim təcili yardım həkiminə anında müdaxilə etməsi üçün göstərişlər versin. Anında yardım göstərilməklə həm xəstənin həyatı qurtarılır, həm də o ən yaxın tibb mərkəzinə çatdırılır",- direktor deyib.
O bildirib ki, layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilib: "Uğurlu olarsa, respublika üzrə tətbiqi nəzərdə tutulur. Bu, ölüm hallarının azalmasına səbəb olacaq. Məsələn, layihənin tətbiqinə başlanandan Qubada ölüm hallarında kifayət qədər azalma var".