...

Mətbuat Şurasında sosial media aktivləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2022 17:52 (UTC +04:00)
Mətbuat Şurasında sosial media aktivləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə sosial mediada (instagram ve telegram) aktiv kanal rəhbərləri və səhifə idarəçiləri ilə görüş keçirilib.

Şuradan Trend-ə bildirilib ki, iyirmiyə yaxın sosial media fəalı olan jurnalistin dəvət edildiyi görüşü giriş sözü ilə Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq iştirakçıları rəhbərlik etdiyi qurumun missiyası barədə məlumatlandırıb. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya məkanı genişlənməkdədir. Bir zamanlar internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri ənənəvi medianı sıxışdırırdısa, artıq sosial mediadakı aktiv kanallar və səhifələr cəmiyyətdə populyardırlar. Onlar ictimai rəyə təsirləri getdikcə artmaqdadır. Azərbaycan Mətbuat Şurası bu təsirin ictimai faydalarını görmək istəyir.

MŞ sədri çıxışında onu da bildirib ki, görüş həm Azərbaycan Mətbuat Şurasını narahat edən məqamlara aydınlıq gətirmək, həm də sosial media fəallarının üzləşdikləri çətinliklərlə tanış olmaq məqsədi daşıyır. R.Məcid həmçinin Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətinin də olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, qurumun Etika Komissiyasının sədri, professor Qulu Məhərrəmli çıxışında sözügedən müraciət barədə ətraflı məlumat verib. Q.Məhərrəmli MŞ-nin informasiya məkanındakı problemlərin media müstəvisində həllinin tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, söz və ifadə azadlığının dəyər kimi qorumaq vacibdir. Buna görə də etik prinsiplər önə çəkilməlidir.

MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında informasiya məkanında ictimai maraq və mənafelərin qorunmasının peşə etikasına riayətdən asılı olduğunu əsaslandırıb və bildirib ki, bu, həm də cəmiyyətin gözləntisidir.

Sosial mediada fəal kanal rəhbərləri və səhifə idarəçiləri – Elçin Lənbəranski, Tofiq Şahmuradov, Zəminə Rüstəmova, Zəhra Əhmədova, Araz Əhmədov, Kamran Muradov, Pərviz Hüseyn, Nazim Qasımzadə çıxışlarında istinad, sosial mediada elmi kontent məsələləri üzərində dayanıblar. Onlar həmçinin Şurada sosial şəbəkələrlə bağlı komissiyanın formalaşdırılmasını təklif ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, Şuranın sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciəti məqbul qiymətləndirilib.

Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına M Ü R A C İ Ə T İ

Əziz dostlar! İnternet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb. Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər.

Təcrübə göstərir ki, sosial şəbəkələr və vətəndaş mediası dərk olunmuş məsuliyyətə əsaslandıqda söz və ifadə azadlığına önəmli töhfələr verir, ictimai düşüncə palitrasını zənginləşdirir. Deyilənlərlə yanaşı, təəssüf ki, bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevirilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.

Özünütənzimləmə qurumu olaraq Azərbaycan Mətbuat Şurası üçün informasiya müstəvisində cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. Deyilənləri nəzərə alaraq, biz bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq.

Mətbuat Şurası etik dəyərlərə əməl olunmasına dair çağırışına səmimi yanaşılacağına, qurumun ictimai missiyasına həssas münasibət göstəriləcəyinə inanır, informasiya cəmiyyətinin bütün iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti