Bakı. Trend:
Bu gün ölkədə məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur. Çünki işdən çıxarılma ilə bağlı qərar veriləndə bütün iş sistemimiz iflic olur. Ya mənim qəbuluma yazılırlar, ya şöbə müdirlərinin yanına gəlirlər. Misal olaraq, məhkəmə də bizim qərarı dəstəkləyir, ancaq həmin adam qəbuluma gəlir ki, məni işə bərpa et.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.
Nazir müəllimlərin sertifikasiya imtahanında iştirakın könüllü olmamasının səbəbini açıqlayıb: “Əgər imtahanı könüllü etsəydik, onsuz da biliyinə güvənənlər rahat şəkildə gəlib imtahan verib uğur qazanacaq və maaşlarına əlavələr alacaqdı. Lakin diplomu saxta, biliyi olmayanların imtahana gəlməyə marağı olmayacaqdı”, - deyə nazir qeyd edib.