Bakı. Trend:
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub.
Avropa İttifaqı, BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
kampaniyaya cəlb olunmuş təhsil müəssisələrinin, Milli Məclisin
deputatlarının, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin
iştirakı ilə layihənin bağlanış mərasimi keçirilib.
Layihə çərçivəsində təşkil olunan debat yarışlarında iştirak edən
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının
tələbələrindən ibarət komanda birincilik qazanıb və bağlanış
mərasiminə dəvət olunub.
Bağlanış mərasiminin rəsmi hissəsindən sonra layihənin gedişatını
əks etdirən video-hesabat nümayiş etdirilib, “Qadınlara qarşı
zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin
töhfəsi əvəzedilməzdir” mövzusunda final debat oyunu təşkil edilib.
ADPU-nun Şəki filialının tələbələri finalda da birincilik qazanaraq
kuboka sahib olublar. Eyni zamanda “Ən yaxşı spiker” nominasiyası
üzrə filialın Filologiya fakültəsinin II tədris ili tələbələri
Əfsanə Əbdürəhimova I, Solmaz Bədəlova isə II yerə layiq görülüb,
“Ən yaxşı natiq” nominasiyası üzrə həmin fakültənin I tədris ili
tələbələri Kəmalə Eminova I, Əfsanə Əbdürəhimova II, Pedaqoji
fakültənin III tədris ili tələbəsi Nigar Məmmədli isə III yer
tutub. Qələbə qazanmış tələbələrə medal, diplom və hədiyyələr
təqdim olunub.