Bakı. Trend:
Qarşıdan Yeni il bayramı gəlir. Bayram vaxtı insanlar daha çox bir yerə toplaşırlar. Belə olduqda yoluxma sayında artım ola bilər?
Məsələ ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev Trend-ə bildirib ki, Yeni il bayramı ilə əlaqədar yoluxma sayında kütləvi artım olmayacaq.
Onun sözlərinə görə, hazırda ölkəmizdə gündəlik yoluxma sayı stabildir.
"Bir neçə müddətdir ki, pandemiyaya görə ölkəmizdə kütləvi tədbirlərə qoyulan qadağalar götürülüb. Lakin yoluxma sayında kütləvi artımlar qeydə alınmır. Belə ki, vətəndaşlarımızın çoxu "buster" doza ilə (3-cü doza) vaksinasiya olunublar. Yoluxmanın kütləvi olmayacağını bildirən səbəblərdən biri də vətəndaşlarımızın böyük əksəriyyətinin virusa yoluxub sağalmasıdır. Bununla da kütləvi immunitet formalaşıb."
Ekspert qeyd edib ki, əhali bayram günlərində əsasən qonaq getməyi, şəhərin mərkəzində yığışmağı, restoranlara getməyi xoşlayır.
"Amma risk qrupuna daxil olan insanlar yenə də ehtiyatlı olmalıdırlar. Belə şəxslər çalışıb kütləvi tədbirlərə getməkdən imtina etməlidirlər. Gedərlərsə belə gigyenik qaydalara əməl etməyi və maska taxmağı unutmamalıdırlar", - M.Əliyev əlavə edib.
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 965 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 395 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 564 nəfərdir.