Bakı. Trend:
Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, Laçın rayonu ərazisində yeni inşa edilmiş
yerləşmə məntəqələri istifadəyə verilib. Müdafiə nazirinin
müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı
general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş
mövqeyini və yeni istifadəyə verilmiş məntəqələri ziyarət
ediblər.
Məruzə edilib ki, döyüş mövqeyində xidmət edən hərbi qulluqçular
ayıq sayıq xidmət aparır, Vətənin keşiyində durmaqla qürur
duyurlar.
Yerləşmə məntəqələrində qərargah binaları, yeməkxanalar, silah otaqları, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, anbarlar, avtomobil parkları inşa edilib. Mərkəzləşdirilmiş istilik sisteminin təminatı məqsədilə qazanxana kompleksi, fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri mövcuddur. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif ağaclar əkilib.
Sonra şəxsi heyətin döyüş hazırlığı yoxlanılıb. Döyüş hazırlığının müxtəlif elementləri üzrə icra olunan taktiki tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşakarlıqla yerinə yetirilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən
hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş və
mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndiriblər.
Hərbi qulluqçular qarşıdan gələn bayramlar münasibətilə təbrik
edilib və onlara hədiyyələr təqdim olunub.
Müdafiə nazirinin müavinləri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin və maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti şəxslərə çatdırıblar.