Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Trend-ə daxil olan müraciətdə bildirilir ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.
"Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin
yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması
hesab edilir və inzibati məsuliyyət yaradır.
Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava
ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı
artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat
nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar. Lakin, bir
sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə
edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının
təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü
süni şəkildə çirkləndirmələri yolverilməzdir.
Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq",- müraciətdə qeyd edilib.