...

İcbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin maaşlarında əsaslı artım olub - Agentlik

Cəmiyyət Materials 25 Yanvar 2023 12:24 (UTC +04:00)
İcbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin maaşlarında əsaslı artım olub - Agentlik

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Cəlilabad. Trend:

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin də əməkhaqlarında əsaslı artımlar olub.

Trend-in məlumatına görə, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə mediatur zamanı Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, məqsəd həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaqdır. "Əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılıb. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil edib.

Bundan əlavə həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Cəlilabad RMX-də 2021-ci ildə işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 650 manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 970-ə qədər yüksəlmişdir. Az öncə də qeyd etdiyim kimi həkim bu əlavədən başqa aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavə də alır.

Hətta qeyd edə bilərəm ki, işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləğinin 2021-ci ildə 4000 manatı, 2022-ci ildə isə 6000 manatı keçən həkimlərimiz də olub",- A.Əhmədova deyib .

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb.1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti