...

Səbailin sabiq bələdiyyə sədri möhürü gizlədib saxta sənəd hazırlayırmış - Məhkəmə

Cəmiyyət Materials 26 Yanvar 2023 14:55 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən, Səbail Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlanılıb.

Trend-in məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Məlum olub ki, Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29.178.4 (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı), 320.1 (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1 (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələrilə ittiham verilib.

Cinayət işinin materiallarında yazılıb ki, bələdiyyə torpaqlarının bələdiyyənin qərarıyla satılmalı olmasına baxmayaraq, Əhməd Hüseynov qanunun bu tələbini pozub. İttihama əsasən, o, 2003-2009-cu illərdə Salyan şossesi 12 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 3200 kvadrat metr torpaq sahəsini bələdiyyə üzvlərinin xəbəri olmadan satıb. Həmin torpaq sahəsinin 1000 kvadrat metri 2003-cü ilin dekabrında Əhməd Hüseynovun sərəncamıyla Allahyar Şahmarova, 600 kvadrat metri 2006-cı ilin dekabrında onun oğlu Şahmar Şahmarova, 400 kvadrat metri 2005-ci ilin dekabrında digər oğlu Ramil Şahmarova, 1200 kvadrat metri Lalə Əliyevaya satılıb.

İş materiallarında iddia olunur ki, Əhməd Hüseynov Səbail bələdiyyəsinin möhür və ştampını 2010-cu ildə seçilmiş yeni bələdiyyə sədrinə, yaxud Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təhvil verməyib, gizlədib. 2019-cu ildə isə tanışıyla birlikdə ondan saxta sənəd hazırlanmasında istifadə olunub.

Cinayət işində Əhməd Hüseynovun ümumilikdə 1 milyon 824 min manat dəyərində 1.52 hektar torpaq sahələrini satmağa, həmin əmlaklarla bağlı müəyyən addımlar atmağa cəhd göstərdiyi iddia olunur. Bunun da 1 milyon 248 min manatlıq hissəsi dövlət mülkiyyətində, 576 min manatlıq hissəsi isə Səbail bələdiyyəsinin balansında olan torpaqlar olub.
İttihamlara münasibət bildirən Əhməd Hüseynov deyib ki, burada yazılanların heç biri ilə razı deyil. O, özünü ittihamlarla təqsirli bilməyib.

Əhməd Hüseynov növbəti məhkəmə iclasında ətraflı ifadə verəcək.

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti