Bakı. Trend:
Bu gün İran dövlətinin Azərbaycana qarşı siyasəti və qərəzli mövqeyi media müstəvisində də davam edir.
Trend-in məlumatına görə,
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin açıqlamasında
deyilir.
“İranlı həmkarlarımız” bu yolda jurnalist adına və etikasına
yaraşmayan bütün metodlara əl atır. Təhqirdən tutmuş,
dezinformasiyaya qədər… Növbəti addım isə “Mədəniyyət” kanalında
yayımlanan və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş
“Müşfiq ağıları” adlı oratoriyadan bir hissəni kəsib paylaşmaq
oldu. Həmin hissədə Sovet Sosialist Respublikaları İttifaqı
dönəmində rejimin Azərbaycanda din əleyhinə təbliğatı, İslam dini
ilə mübarizəsi yer alır. İran mediası məhz 28 saniyədən ibarət
həmin hissəni kəsərək Azərbaycanı İslam dininə, məscidlərə, azana
qarşı mübarizə aparmaqda ittiham edir. Bu ittiham həm gülməli, həm
də ağlamalıdır. Əvvəla, müsəlmanlara qarşı soyqırımı, terror
siyasəti həyata keçirən Ermənistanı Quran ayələri ilə qarşılayan,
məscidlərin darmadağın edilməsinə, orada onuz saxlanılmasına bir
dəfə də olsa, səsini çıxarmayan, bu gün də xalqına, xüsudən də
Cənubi azərbaycanlılara qarşı repressiyalara ara verməyən İran
dövlətinin kimisə, o cümlədən də Azərbaycanı İslam dininə xəyanətdə
ittiham etməyə haqqı varmı?
Ermənipərəst İran rejimini başa düşdük, məsələnin ən acınacaqlı tərəfi odur ki, daxildəki bəzi İranyönümlü dairələr də fars rejiminin dezinformasiya siyasətinə dəstək verir, araşdırma aparmamış Mədəniyyət TV-yə hücuma keçirlər. Odur ki, məsələnin mahiyyətini bir daha izah edirik:
2022-ci ilin 14 oktyabr tarixində Bakıdakı Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib. Konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunub.
Musiqili gecədə repressiya qurbanı olan şair Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya ilk dəfə təqdim olunub. Librettosunun müəllifi Xalq şairi Sabir Rüstəmxanlının olduğu əsərin dirijoru Mustafa Mehmandarov, bədii rəhbəri Gülbacı İmanovadır. Əsəri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası ifa edib və əsərin ideoloji xətti SSRİ-nin İslam dininə qarşı mübarizəsi, Azərbaycan ziyalılarını da əsasən din pərdəsi altında repressiyaya məruz qoymasıdır.
“Müşfiq ağıları” adlı oratoriyadan məhz həmin hissəni - 28 saniyəlik parçanı çıxarıb yaymaq isə ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Əsərin ümumi məzmunundan xəbərdar olmaq üçün isə Mədəniyyət TV olaraq həmin oratoriyanın tam variantını təqdim edirik:
https://www.youtube.com/watch?v=5pYy5260_58&ab_channel=M%C9%99d%C9%99niyy%C9%99tTV
Sonda isə bir daha bildiririk ki, bu gün “Azərbaycan Televiziya və Radio Veriişləri” QSC olaraq dövlətimizə, xalqımıza qarşı yürüdülən informasiya təxribatlarının ön cəbhəsində mübarizə aparırıq və bu mübarizədə QSC-nin bütün kollektivi səfərbərdir.
İctimaiyyətimizdən isə dezinformasiyalara inanmamağı, feyk məlumatlara dəstək verməməyi, indiki həssas məqamda hər bir informasiyanı araşdırmadan fikir bildirməməyi xahiş edirik.