Bakı. Trend:
İnsan yaşa dolduqca onun digər orqanlarında olan dəyişikliklər kimi, onurğasında da müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərə degenerativ dəyişikliklər deyilir. Bu barədə səhiyyə nazirliyinin mütəxəssis-eksperti, neyrocərrah Cəmil İsgəndərov deyib.
Trend Cəmil İsgəndərovla müsahibəni təqdim edir:
Cəmil müəllim, son zamanlar onurğa ilə bağlı ən çox rast gəlinən problemlər hansılardır?
- Son dövrlər insanların əsasən oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb. Demək olar ki, 20 yaşdan sonra əksər insanlarda ara-sıra bel ağrıları qeyd olunur. Bu da onurğa problemlərinin ilkin başlanğıc əlaməti kimi düşünülməlidir. Onurğanın ən çox rast gəlinən xəstəliklərindən biri fəqərəarası disklərin yırtıqlarıdır. Bundan əlavə, fəqərə sürüşmələri (spondilolistezlər), onurğa kanalının darlığı (stenozlar) da geniş yayılmış xəstəliklərdəndir.
- Fəqərəarası disk yırtığının əsas əlamətləri hansılardır və diaqnozu necə qoyulur?
- Fəqərəarası disk yırtıqları onurğanın hansı nahiyyəsində
olmasından asılı olaraq müvafiq əlamətlərlə özünü göstərir.
Fəqərəarası disk yırtıqlarının əsas əlamətlərindən biri ağrı
sindromudur. Onurğanın hansı nahiyyəsində disk yırtığı yaranıbsa,
həmin nahiyyədə olan lokal-yerli ağrılarla yanaşı, adətən bu
ağrılar sıxılmış sinir boyunca yayılması ilə xarakterizə olunur.
Belə ki, boyun nahiyyəsində olan yırtıqlar zamanı yuxarı ətraflarda
(qollarda), bel nahiyyəsində olduqda aşağı ətraflarda (ayaqlarda),
onurğanın döş nahiyyəsində olduqda isə qabırğalar boyunca yayılan
ağrılar qeyd olunur. Ağrı sindromundan əlavə xəstələrdə müvafiq
sinir boyunca hissiyat və hərəkət poğzunluqları da müşahidə oluna
bilər ki, bu da onlarda yeriş pozğunluğuna, əmək qabiliyyətinin
itirilməsinə gətirib çıxara bilir. Bu səbəbdən də xəstələrdə erkən
mərhələlərdə düzgün diaqnozun qoyulması vacibdir.
Xəstəliyin diaqnozu MRT (Maqnit Rezonans Tomoqrafiya) vasitəsilə
qoyulur. Əgər xəstədə müvafiq klinik əlamətlər varsa, yəni
fəqərəarası diskin yırtığına uyğun əlamətlər təyin olunursa, MRT
müayinəsi mütləqdir. Bəzən xəstələr səhvən ilkin olaraq KT
müayinəsindən keçərək bizə müraciət edirlər. Lakin bu düzgün
yanaşma sayılmır. Xəstədə ağrılar olarsa, onlar ilkin olaraq
həkim-mütəxəssisə müraciət etməli və müayinə planını həkim təyin
etməlidir. MRT müayinəsi vasitəsilə bir xəstənin diaqnozunu
qoymaqla yanaşı müalicə taktikasını da seçirik.
- Fəqərəarası disk yırtıqları zamanı hansı müalicə üsulları tətbiq olunur və bu sahədə hansı yeniliklər var?
- İlk öncə onu qeyd edim ki, bütün fəqərəarası disk yırtıqları cərrahi əməlliyyat tələb etmir. Disk yırtıqlarının müalicəsində müxtəlif metodlar tətbiq olunur ki, bunlardan biri də cərrahi müalicədir. Əgər xəstədə olan kəskin ağrıları hansısa yolla aradan qaldırmaq mümkün deyilsə, xəstədə artıq hissiyyat, hərəkət pozğunluqları, xüsusən də çanaq funksiyalarının pozulması müşahidə olunarsa, onda cərrahi əməliyyatın icrası mütləq lazım gəlir. Hazırda fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsində müxtəlif metodlar tətbiq olunur - klassik açıq cərrahiyyə, mikrocərrahiyyə, endoskopik cərrahiyyə, mikroendoskopik cərrahiyyə və s. Bu metodların hansından istifadə etmə qərarı xəstənin klinik əlamətlərindən və MRT-nin nəticələrindən, həmçinin müalicə həkiminin gündəlik praktikasında hansı üsula üstünlük verməsindən asılıdır. Bəzən xəstədə fəqərəarası disk yırtığı ilə yanaşı onurğa darlığı, fəqərələrin qeyri-stabilliyi aşkar olunarsa, cərrahi əməliyyat zamanı müxtəlif implantlardan istifadə olunaraq daha geniş, həcmli əməliyyatlar da icra oluna bilər.
- Cərrahi əməliyyat yolu ilə problemi tam aradan qaldırmaq mümkündürmü və əməliyyatlardan sonra yenidən yırtıqların yaranma ehtimalı varmı?
- Təbii ki, cərrahi əməliyyatın nəticəsi vaxtında həkimə
müraciətdən asılıdır. Belə ki, yalnız ağrı sindromu olan mərhələdə
cərrahi əməliyyat icra olunarsa, bu əksər hallarda ağrıların
keçməsinə və qısa müddətə xəstənin normal gündəlik həyata
qayıtmasına gətirib çıxarır. Xəstə bir qədər gec müraciət edərsə,
yəni artıq hissiyyat, hərəkət pozğunluqları, çanaq funksiyalarının
pozulması şikayətləri yaranıbsa, icra olunmuş əməliyyatlardan sonra
bərpa müalicələrinə də ehtiyac olur. Bəzən isə bu sayılan
əlamətlərin bəzilərinin qalması da qeyd oluna bilir. Bu səbəbdən də
fəqərəarası diskin yırtığı təsdiqlənmiş xəstələr mütləq neyrocərrah
tərəfindən baxıldıqdan, cərrahi əməliyyatın lazım olub-olmaması
dəqiqləşdirildikdən sonra digər müalicələrə başlamalıdır. Əks halda
saydığım ağırlaşmalarda qarşılaşmalı oluruq ki, bu da əməliyyat
nəticələrinə mənfi təsir edir.
Xəstələri maraqlandıran məsələlərdən biri də disk yırtıqlarının
cərrahi əməliyyatdan sonra yenidən yaranma məsələsidir. Disk
yırtıqlarının cərrahi əməliyyatı zamanı əksər hallarda fəqərəarası
diskin bir hissəsi (yırtığa çevrilmiş hissəsi) çıxarıldığından 3-5%
hallarda yenidən yaranma ehtimalı var. Bəzi hallarda isə
fəqərəarası disk tam götürüldükdə, xüsusən bu boyun nahiyyəsində
daha çox tətbiq olunur, təkrar yırtıqlar qeyd olunmur.
- Fəqərə sürüşməsi nədir və hansı müalicə üsulları ilə aradan qaldırılır?
- Normalda onurğanı təşkil edən fəqərələr bir-birinə nisbətən
tam sıralanmış şəkildə yerləşir. Bəzi hallarda fəqərələri bir-biri
ilə birləşdirən bağ aparatında, disklərdə və s. zəifləmələr,
zədələnmələr baş verdikdə onlar bir-birinə nisbətən yerini önə və
ya arxaya doğru dəyişmiş olur ki, bu da tibbdə fəqərə
sürüşməsi-spondilolistezlər kimi tanınır. Bu zaman onurğanın ilkin
olaraq dayaq funksiyası, yük daşıma qabiliyyəti pozulduğundan
müxtəlif klinik əlamətlər meydana çıxır. Fəqərə sürüşmələri adətən
gəzərkən, oturarkən, müxtəlif bədən hərəkətlərinin önə əyilmə və s.
icrası zamanı artan ağrılarla özünü göstərir. Ağrılar xəstəyə çox
da narahatlıq yaratmırsa, gündəlik həyat fəaliyyətinə təsir etmirsə
və digər yanaşı nevroloji əlamətlər yoxdursa, cərrahi əməliyyata
ehtiyac olmur. Əks halda isə cərrahi əməliyyat mütləq lazım
gəlir.
Spondilolistezlər zamanı əksərən onurğanın müxtəlif implantlarla
fiksasiyası əməliyyatları icra olunur. Bəzən fəqərənin sürüşmə
səbəbi zədələnmiş fəqərəarası disk olarsa, onda onurğa
fiksasiyasıyla yanaşı fəqərəarası diskin tam çıxarılması və ya
dəyişdirilməsi – TLİF, PLİF və s. əməliyyatlar da icra oluna
bilir.
- Onurğa xəstəlikləri yaşla nə qədər əlaqədardır?
- İlkin olaraq onu qeyd edim ki, “insan yaşlandıqca mütləq onun
onurğasında problem olmalıdır” anlayışı tam yanlışdır. Lakin təbii
ki, insan yaşa dolduqca onun digər orqanlarında olan dəyişikliklər
kimi, onurğasında da müəyyən dəyişikliklər baş verir. Bu
dəyişikliklərə degenerativ dəyişikliklər deyilir. Onurğada baş
verən degenerativ dəyişikliklər nə qədər çox olarsa, onda onurğa
xəstəliklərinin yaranma ehtimalı da çox olur. Bu səbəbdən də yaşlı
insanlarda, daha dəqiq desək onurğası yaşlanmış insanlarda bel
yırtıqlarının, onurğa darlığı xəstəliyinin, fəqərə sürüşmələrinin,
degenerativ skoliozun və s. yaranma ehtimalı daha çoxdur.
Son olaraq qeyd etmək istəyirəm ki, yaşımızın artmasına baxmayaraq,
bir onurğamızın “yaşlanmasına” maksimal imkan verməməliyik. Bunun
üçün aktiv həyat tərzi, çox oturmamaq, çəki artırmamaq, ağır fiziki
iş görməmək vacibdir.