...

AMEA-da Xocalı şəhidlərinin xatirəsi anılıb

Cəmiyyət Materials 22 Fevral 2023 00:26 (UTC +04:00)

Bakı. Trend:

21 fevral 2023-cü il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Xocalı faciəsi”nin 31-ci ildönümünə həsr edilmiş ümumi iclası şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Trend-in məlumatına görə, institutun baş direktoru t.e.d., professor Abbas Seyidov Xocalı soyqırımı haqqında geniş məruzə etdi. O, vurğuladı ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Onlar məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürüləndən sonra bir sıra problemlərlə üzləşmişik. Mənfur ermənilər xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törətmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə etnik azərbaycanlılara qarşı bu soyqırımı törətmişlər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, bir gecədə 613 sakin qətlə yetirilmişdir. 1275 nəfər əsir götürülmüşdür ki, onlardan da 68-i qadın və 26-sı uşaq olmaqla, 150 nəfərin taleyi bu günədək məlum deyil. Hazırda Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən baş direktor erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını söylədi.

Məruzəçi bildirdi ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.

Elmi Şuranın üzvləri t.e.d. prof. H.Cəfərov, t.e.d. S.Məhərrəmova çıxış edərək, Xocalı soyqırımının tarixi xronologiyası, faciənin baş vermə səbəbləri, nəticəsi və dərsləri barədə fikirlərini bölüşdülər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti