...

Beyləqan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2023 23:11 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, mayın 5-də Beyləqan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Beyləqan, Füzuli, İmişli, Cəbrayıl rayon və Füzuli, Qubadlı hərbi prokurorluqlarının əməkdaşları, hüquq mühafizə, rayon icra hakimiyyəti və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin rayon fəalları iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad edib.

Daha sonra, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi liderin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən muzeydə eksponat və fotostendlərlə tanış olub, onlara Ulu Öndərin həyat yolu barədə maraqlı faktlar təqdim edilib.

Konfransın açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Beyləqan rayon prokuroru baş ədliyyə müşaviri Ramazan Hadıyev Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, dövlətçiliyin qorunması, hüquqi dövlət quruculuğu mövzusunda çıxış edib.

Tədbirdə Beyləqan rayon icra hakimiyyəti başçısı Asif Ağayev, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov, İmişli rayon prokuroru baş ədliyyə müşaviri Valeh Səmədov, Füzuli rayon prokuroru ədliyyə müşaviri Elnur Rüstəmov və Füzuli hərbi prokuroru ədliyyə polkovniki Elçin Hacıyev Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti mövzularında çıxışlar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti