Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Ümummilli Liderin 100 illiyinə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol: quruculuq, inkişaf və varislik” adlı tədbir keçirilib.
Qurumdan Trend-ə verilən məlumata görə, ilk olaraq Fəxri xiyabana ziyarət təşkil edilib, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə İcraçı direktorun müavinləri, müşavirləri, TƏBİB-in departament rəhbərləri, tabeli tibb müəssisələrinin direktorları Ulu Öndər və Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər qoyublar.
"Fairmont Baku" otelində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və zəngin fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başlayıb.
Daha sonra tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Ümummilli Liderin ölkəmizdə səhiyyənin inkişafı sahəsində gördüyü işlərdən danışaraq onu müstəqil Azərbaycan dövlətinin və səhiyyəsinin memarı adlandırıb:
"Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili Ulu Öndərin ən çox diqqət göstərdiyi məqamlardan idi. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı".
Vüqar Qurbanov səhiyyə sahəsində Ulu Öndər tərəfindən başlanan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb:
"Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəsillərin sağlam inkişafına bir töhfədir".
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan danışıb:
"Ulu Öndər ilk dəfə hakimiyyətə gəldiyi gündən tibbi kadrların yetişdirilməsinə böyük önəm verib. Mən də o şanslı gənclərdən olmuşam. 1973-cü ildə Moskvaya təhsil almağa getmişəm. Bu gün bir çox xəstəxanaların rəhbərliyində, tibb universitetinin qocaman müəllimləri arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var. Heydər Əliyevin 100 illiyi yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də böyük təmtəraqla qeyd olunur. Bu da Ulu Öndərin Azərbaycan hüdudlarından kənarda da sevildiyinin bariz nümunəsidir".
Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkədəki çətin vəziyyətdən və Heydər Əliyevin həmin ağır günlərdən keçərək müasir, güclü Azərbaycan yaratdığından söz açıb:
"Ulu Öndərin təşəbbüsü ilə hələ ötən əsrin 90-cı illərində tibbi sığorta haqqında qanun işlənib hazırlanıb və bu gün prezident İlham Əliyev tərəfindən qəbul olunaraq uğurla icra olunur. Ötən il əhalinin 47 faizi tibbi sığortadan yararlanıb. Bu, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi".
Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxış edərək Ulu Öndərin səhiyyə sahəsində qanunvericiliklə bağlı misilsiz xidmətlərinin olduğunu xatırladıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə çıxışında Heydər Əliyevin yalnız dövlət qurucusu deyil, millət, insan memarı olduğunu söyləyib. Həyatının son gününədək Azərbaycan xalqı uğrunda çalışdığını bildirib. Hələ orta məktəb illərində Füzulidə səfərdə olan Heydər Əliyevlə canlı görüşün həyatının ən önəmli hadisəsi olduğunu bildirib.