Bakı. Trend:
Dördəmlərimiz olacağını eşidəndə çox həyəcanlandım. İnşallah onları cəmiyyətə faydalı vətəndaş kimi yetişdirəcəyik.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında dördəmlərin anası 29 yaşlı Aynur Məmmədli Ədliyyə Nazirliyi tərəfindən uşaqlara doğum sənədlərinin təqdim edilmə mərasimində deyib.
O bildirib ki, dördəmlər ilk övladlarından 7 il sonra dünyaya gəliblər:
"Hər iki tərəfdən ailələrimizdə əkizlər var. Uşaqlar Perinatal Mərkəzdə dünyaya gəlib. Doğum zamanı ilk dünyaya gələn övladım qız, daha sonra oğlanlar oldu. Övladlarıma İlham, Mehriban, Heydər, Ərdoğan adlarını qayınatam qoyub".
Ana deyir ki, uşaqların sağlamlığı qaydasındadır:
"Qızım 1,200 qram, iki oğlum 1,300 qram, biri isə 1,400 qramdır. Həkimlər hər şeyin yaxşı olduğunu deyir".