Bakı. Trend:
Mayın 26-da Xarici İşlər Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycanın Kosmos Agentliyinin (Azərkosmos) birgə təşkilatçılığı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair məlumatlandırma tədbiri və "Azersky" peyk təsvirlərinə həsr olunan sərgi keçirilib.
XİN-dən Trend-ə verilən məlumata görə, tədbirdə xarici işlər
nazirinin müavini Elnur Məmmədov, rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Fərid Əhmədov, Azərbaycanda akkreditə olunan
diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən media
nümayəndələri iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən nazir müavini Elnur Məmmədov,
keçirilmiş məlumatlandırma tədbirinin 28 May – Müstəqillik Gününə
təsadüf etdiyini söyləyərək, bu xüsusda öz səmimi təbriklərini
çatdırıb. Nazir müavini, Azərbaycanın kosmik icmanın nisbətən yeni
üzvü olmasına baxmayaraq, bu sahədə əldə olunmuş nailiyyətlər və
həyata keçirilmiş uğurlu peyk layihələrinin nəticəsi olaraq 74-cü
Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ
qazandığını qeyd edib. İlk dəfə 1973-cü ildə, Ümummilli Lider
Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Bakıda keçirilən
Beynəlxalq Astronavtika Konqresindən 50 il sonra Azərbaycanın
yenidən bu mötəbər tədbirə ev sahibliyi etməsinin simvolik
əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Daha sonra çıxış edən nazir müavini Fərid Əhmədov, beynəlxalq
kosmik icmanın ekspertləri və liderlərini bir araya gətirəcək 74-cü
Beynəlxalq Astronavtika Konqresinin əsas diqqət mərkəzinin gənclər
olduğunu vurğulayıb. Nazir müavini Fərid Əhmədov, Konqresin işinə,
habelə kosmik sənaye və elmə daha çox sayda gənc mütəxəssis və
tələbənin cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı
təqdimatla çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov,
Konqresin 2-6 oktyabr 2023-cü il tarixlərini əhatə edən proqramı
barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Ümumilikdə,
beynəlxalq kosmik icmanın ekspertləri və liderləri daxil olmaqla
6000 qonağı əhatə edəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin
regional və beynəlxalq səviyyədə əməkdaşlıq qurmaq üçün imkanlar
yaradacağı diqqətə çatdırılıb.
Daha sonra, tədbir iştirakçıları "Azersky" peyk təsvirlərinə həsr
olunan sərgi ilə tanış olublar.