Bakı. Trend:
MDB PA DİMBİ Bakı filialı 1 iyun 2023-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi" adlı Beynəlxalq konfrans keçirib.
Trend MDB PA DİMBİ Bakı filialının Mətbuat xidmətinə istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Tədbirin keçirilməsində məqsəd Azərbaycanda multikulturalizm ənənələrinin formalaşması və qorunmasında Ulu öndər Heydər Əliyevin çoxşaxəli xidmətlərinin öyrənilməsindən ibarət olub.
Konfransda Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyasından olan millət vəkilləri, MDB PA-nın məsul şəxsləri, bir sıra səfirliklərin nümayəndələri, müxtəlif nazirlik və qurumlarının nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor- müəllim heyəti, kütləvi informasiya vasitələrinin təmsilçiləri və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin, irsi, dövlətçilik ənənələrinin banisi kimi rolunu xususi qeyd etdilər.
Konfransın sonunda "Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev 100 il" mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir qarşılıqlı diskusiya və maraqlı fikir mübadiləsi ilə başa çatdı.