...

Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır

Cəmiyyət Materials 20 İyun 2023 09:09 (UTC +04:00)
Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır

Bakı. Trend:

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışına başlayır.

MİDA-dan Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510, Gəncə Yaşayış Kompleksi üzrə 243 olmaqla, ümumilikdə 1189 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 07.12.2018-ci il tarixli 26436, 15.02.2019-cu il tarixli 26721, 22.02.2019-cu il tarixli 26767;

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;

Gəncə Yaşayış Kompleksi üzrə - 17.12.2019-cu il tarixli 28607, 02.03.2020-ci il tarixli 29004, 31.03.2020-ci il tarixli 29122, 13.05.2020-ci il tarixli 29272 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti