Bakı. Trend:
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının (Aİ) TAIEX texniki yardım aləti çərçivəsində Bakıda 3-günlük təlim keçirilib.
Təlimin məqsədi Tənzimləyici qurumun institusional çərçivəsinin müəyyən edilməsində, əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında qurumun mütəxəssislərinə Aİ-yə üzv dövlətlərin tənzimləyici qurumlarının ekspertləri tərəfindən texniki və sahəvi biliklərin öyrədilməsidir.
Təlimin əsas mövzuları telekommunikasiya xidmətləri bazarının təhlili, infrastruktur girişi və infrastruktur paylaşma modelləri, tənzimləyici öhdəliklərin icrası, internet provayderlərin bazara girişi üçün icazələrin verilməsi mexanizmi, istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyəti olacaq. 3-günlük təlimdə RİNN-in və İKTA-nın əməkdaşları, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə, İKTA-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova qurumun qısa müddət ərzində gördüyü işlər, layihələr və gələcək planları barədə təqdimatla çıxış edib.
Daha sonra, Rumıniyanın Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə milli tənzimləyici qurumu olan ANCOM-un İctimaiyyət şöbəsinin rəhbəri xanım Katalina Draqomir uğurlu tənzimləyici qurum modeli, tənzimləyici qurumun rolunun müəyyən edilməsi, məsuliyyət və hesabatlılığı, iş axınının planlaşdırılması, müvafiq yelri və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də ictimaiyyətlə məsləhətləşmə prosesi mövzularında təlim iştirakçıları qarşısında çıxış edib. Qurumun İnformasiya və müraciətlər şöbəsinin eksperti xanım Katalina Stan telekommunikasiya istehlakçılarının hüquqlarının qorunması, onların yaxşı məlumatlandırılması üzrə təcrübəsini videokonfrans vasitəsilə görüş iştirakçıları ilə bölüşüb.
Macarıstanın Milli Media və İnformasiya Kommunikasiyaları Qurumunun Beynəlxalq əlaqələr və strategiya üzrə direktoru cənab Ervin Kajzinger telekommunikasiya bazarında fəaliyyətə başlamaq üçün ümumi icazənin tətbiqi və Elektron Kommunikasiya üzrə Avropa Tənzimləyicilərinin vahid qurumu sayılan BEREC-in məlumat bazası haqqında İKTA-nın əməkdaşları ilə öz təcrübəsini bölüşüb. Macarıstan tənzimləyicisinin baş eksperti Balazs Szekely isə Azərbaycanda aydın və hərtərəfli 5G Strategiyasının işlənib hazırlanması üçün faydalı olan qabaqcıl Avropa təcrübəsinə dair məlumatları paylaşıb.
Növbəti günlərdə Estoniyanın İstehlakçı Hüquqları və Texniki Tənzimləmə Qurumunun nümayəndəsi Oliver Qailan müştəri təcrübəsi, ümumi icazələr və 5G strategiyası, Sloveniyanın telekom tənzimləyicisi sayılan Kommunikasiya Şəbəkələri və Xidmətləri Agentliyinin (AKOS) eksperti Stanko Tasko infrastruktura giriş və infrastrukturun paylaşılması üzrə modellər, Rumıniya Tənzimləyici qurumunun müxtəlif şöbələrinin ekspertləri genişzolaqlı şəbəkə üzrə xəritələnmə və mobil əhatə dairəsi üzrə monitorinq sistemi üzrə təlim iştirakçıları qarşısında təqdimatlarla çıxış ediblər.
Ekspertlər ən yaxşı təcrübələrin Azərbaycan müvafiq sahədə hazırki və gələcəkdə qəbul ediləcək qanunverciliyə uyğunlaşdırılmasına dair tövsiyələr veriblər, Aİ-nin tənzimləyici çərçivəsinin tətbiqi sahəsində Azərbaycan üçün mümkün gələcək addımlar haqqında geniş müzakirələr aparılıb, işitrakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib, ekspertlərə xatirə hədiyyələr təqdim olunub.
TAIEX Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsidir. TAIEX Aİ qanunvericiliyinin yerli qanunverciliyə uyğunlaşdırılması, tətbiqi və icrası, həmçinin Aİ-nin ən yaxşı təcrübələrinin paylaşılmasını asanlaşdırmaq məqsədilə dövlət qurumlarını dəstəkləyir. TAIEX çərçivəsində təşkil edilən təlimlərin keçirilməsi üçün Aİ üzv dövlətlərin tənzimləyici qurumlarının ekspertləri cəlb olunur.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.