Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Tədbirdə Avropa İttifaqının əlaqədar qurumları ilə yanaşı tərəfdaş ölkələrin nümayəndələri də iştirak edib.
Qeyd olunan proqram çərçivəsində ekspertlərin iştirakı ilə keçirilən görüşdə bu ilin 13-17 iyun tarixlərində Tbilisi şəhərində “Meşə yanğınları” mövzusunda keçirilmiş “TbiEx2023” beynəlxalq təliminin nəticələri müzakirə olunub. Tədbirdə, həmçinin meşə yanğınları zamanı beynəlxalq humanitar yardımın təşkili, o cümlədən sərhədkeçmə və gömrük prosedurlarının icrası, yanğının söndürülməsi üzrə birgə əməliyyatların koordinasiyası və icrası sahələrində fikir və təcrübə mübadiləsi aparılıb.
Bundan başqa, “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) üzrə keçirilən İdarəedici komitənin iclası zamanı proqram çərçivəsində həyata keçirilmiş birgə fəaliyyətlərin nəticələri və səmərəliliyi barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq sahələri müzakirə edilib. Ekspert mübadiləsi üzrə tədbirlərlə yanaşı, gələcəkdə müxtəlif kurs, seminar və müzakirələrin planlaşdırıldığı diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.