Bakı. Trend:
Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 23.10.2023-cü il tarixində saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.
Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.
Qeyd edək ki, Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Xan bağı parkının yaxınlığında qeydə alınıb.
Sərnişin avtobusu dərəyə yuvarlanıb.