Bakı. Trend:
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə bütün toxumçuları və fermerləri təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir: "Əziz və zəhmətkeş fermerlərimiz, sizi 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm. Bu il də kənd təsərrüfatı işçilərinin peşə bayramı tarixi günlərə təsadüf edib. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz 2023-cü il sentyabr ayının 19-20-də, cəmi 23 saat ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü növbəti dəfə öz gücü və imkanları hesabına təmin olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə indi işğaldan təmizlənən ərazilərdə quruculuq işləri davam edir. Qarabağ və ətraf rayonlardan olan qaçqınlar yurdlarına qayıdır. Ərazi bütövlüyünün bərpası onların təhlükəsiz yaşamasına imkan yaradır. Bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli ay-ulduzlu bayraq dalğalanır. İlk dəfədir Azərbaycan dövlət bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş şəraitdə qeyd edir.
Əziz fermerlər! Azərbaycan Toxumçular Assosiasiyası olaraq hər birinizi ürəkdən təbrik edir, Sizin adınızdan fermerlərimizə daim qayğı və diqqət göstərən, aqrar sahənin inkişafına davamlı dəstək verən ölkə başçısı cənab İlham Əliyevə bu qayğısına görə təşəkkürümüzü bildiririk. Hər birinizə hər zaman xoş əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq".