Bakı. Trend:
İnsanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyən süni intellekt gələcəyin texnologiyası sayılır. Bu yeni nəsil texnologiya Azərbaycanda bir çox sahədə tətbiq edilir.
Süni intellektin tətbiq mexanizmlərini inkişaf etdirmək üçün atılan addımlardan biri də yeni dövlət standartının qəbul edilməsi oldu.
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev ilə müsahibə aparılıb.
Həmin məqaləni təqdim edirik:
Bəhruz bəy, Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələr hansılardır?
Azərbaycanda süni intellekt kənd təsərrüfatında dronların tətbiqində, elektron hökumət portalında "ASAN Login" üzərindən üz tanıma və sistemə giriş imkanı mövcuddur. Neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələr həyata keçirilir. Gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər aparıla bilər.
Dünya İqtisadi Forumunun “İş sahələrinin gələcəyi” hesabatına əsasən, texnologiyanın mənimsənilməsi artdıqca, işçilərin 50%-nin 2025-ci ilə qədər yenidən ixtisaslaşmasına ehtiyacı olacaq. Eyni zamanda "İş sahələrinin gələcəyi" sorğusunun respondentləri hesab edir ki, işçilərin təxminən 40%-dən altı ay və ya daha az müddətdə yenidən ixtisaslaşma tələb ediləcək.
Texnologiyaların və innovasiyaların inkişafı zamanı bəzi işlərə tələbat artacaq, bəzi işlərə isə tələbat azalacaqdır. Data analitikləri və elm adamları, süni intellekt və maşın öyrənmə mütəxəssisləri, böyük həcmli məlumat (Big Data) mütəxəssisləri, rəqəmsal marketing və strategiya mütəxəssisləri, proseslərin avtomatikləşdirilməsi mütəxəssisləri, biznesin inkişafı üzrə mütəxəssisləri, rəqəmsal transformasiya mütəxəssisləri və s sahələr üzrə 97 milyon insanı yeni iş tələbatı gözləyir.
Əksinə, məlumat daxil edən operatorlar, inzibati və məsul katibliklər, mühasib və auditorlar, montaj və fabrik işçiləri, mexaniklər və maşın təmirçiləri kimi peşələrə tələbat azalacaq, təqribən 85 milyon insan iş yerindən uzaqlaşmalı olacaq.