Bakı. Trend:
Dekabrın 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən Trend-ə bildiriblər ki, imtahan ingilis, alman, fransız dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə keçirilib. İmtahanda 386 nəfər iştirak edib.
Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.