Bakı. Trend:
5 dekabr Beynəlxalq Könüllülər günü ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində sonuncu layihə olan “Dəmir yumruq! Könüllülərin Həmrəylik düşərgəsi”, 3-cü günündə də könüllülərimizi həm maarifləndirəcək, həm də əylədirəcək proqramlarla yadda qalıb.
Könüllülər, günün ilk yarısında təcrübəli təlimçi Könül Quliyevanın təqdimatı ilə həyata keçirilən “Auditoriya qarşısında çıxış və nitq sənəti” təlimində iştirak ediblər. Təlim çərçivəsində gənclərin maraqla dinlədiyi akademik natiqlik, gözəl danışma sənəti kimi mövzulardan bəhs edilib.
15 dekabr tarixində düşərgədə iştirak edən Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Respublikalarının Könüllü Təşkilatlarının rəhbər və nümayəndələrinin Əlaqələndirmə görüşündə, hər ölkənin özünəməxsus könüllülük təcrübəsinin digər tərəfdaş ölkələrdə təqdimatlarının keçirilməsi haqqında razılığa gəlinmişdi.
Bunun nəticəsində sonraki gün, Qazaxıstan nümayəndələri tərəfindən könüllülük fəaliyyətinin təqdimatı baş tutub. Qazaxıstanda könüllülüyün tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Günün sonu isə Qazaxıstan Qırğızıstan, Türkmənistan ölkələrinin mədəniyyət gecəsi ilə sonlandırılıb.
Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ASAN Xidmətin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının Təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində həyata keçirilir.