Bakı. Trend:
Dekabrın 20-də Hyatt Regency Baku otelində PwC Azərbaycanın İllik Vergitutma və Hüquqi Maarifləndirmə Sessiyası keçirilib.
Tədbirin əsas mövzularından biri də ESG (Ekoloji, Sosial və İdarəetmə) konsepsiyası olmuşdur. Tədbirdə müxtəlif biznes sahələrini təmsil edən 100-dən çox nümayəndə iştirak edib.
Ölkə üzrə İdarəedici Partnyor Michael Ahern tədbiri açıq elan edərək, İkinci Sütun (Pillar Two - qlobal minimum vergi dərəcəsi) və ESG kimi beynəlxalq əhəmiyyətli mövzulara toxunub. O, həmçinin uyğunluq və hesabatlılığa dair tələblərin artmasını, eləcə də dayanıqlı proseslərin təmin edilməsi və idarəetmənin vacibliyini vurğulayıb.
PwC Azərbaycanın İnteqrasiya edilmiş Vergi Xidmətləri komandasının ekspertləri Günel Sadiyeva, Rüfət Şahbazov, Rəşad İbrahimov, Ləman Alıyeva və Cavid Əliyev Vergi Məcəlləsinə edilən son dəyişikliklər, o cümlədən riskli vergi ödəyiciləri, vergi yoxlamaları, inzibati məsələlərlə bağlı müzakirələr aparıblar.
PwC Azərbaycanın Hüquq komandasının meneceri Gülnar Zülfüqarova Rəqabət Məcəlləsinin ən son layihəsi və pul tələblərinin nizamnamə kapitalında pay və səhmlərlə əvəzləşdirilməsi ilə bağlı Mülki Məcəlləyə təklif edilən dəyişiklik haqqında məlumat verib.
Leyla Sadıxova (Baş Menecer, Hüquq Departamenti) və Günay Əsgərova (Baş Menecer, Audit Departamenti) “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı çərçivəsində ESG Gündəliyi, o cümlədən beynəlxalq hesabat standartları və ESG reytinqinin əldə edilməsi mövzusunda çıxış ediblər. ESG Gündəliyinin istənilən biznes üçün əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
Bu tədbir PwC Azərbaycanın bilik mübadiləsi, əməkdaşlıq və müstəsna dəyərin təmin edilməsinə, eləcə də cəmiyyətdə etimadın yaradılmasına önəm verdiyini bir daha nümayiş etdirir.