Bakı. Trend:
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu 18-ci Bakı
Yay Enerji Məktəbinə müraciətləri qəbul edir. ADA Universiteti,
Dövlət Neft Şirkəti, “BP” Azərbaycan, KOLİN və "GL"in birgə
təşkilatçılığı ilə 8-19 iyul tarixlərində təşkil ediləcək Yay
Məktəbi 2 ölkədə - Azərbaycanda və Gürcüstanda keçiriləcək.
Ölkəmizin COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bu günlərdə
Proqram Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ətraf
mühit məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi
məqsədilə 20-dən artıq ölkəni təmsil edən 50-yədək eksperti
iştirakçı qismində bir araya gətirəcək.
Proqramda enerji şirkətlərinin mütəxəssisləri, səfirliklərin və
beynəlxalq təşkilatların nümayəndələri və dövlət qulluqçuları,
habelə ətraf mühit məsələlərini araşdıran alim, jurnalist və
aspirantlar iştirak edəcəklər.
İştirakçılar tanınmış alimlərin, enerji ekspertlərinin və müxtəlif
dövlət qurumlarını təmsil edən yüksək səlahiyyətli rəsmilərin
enerji iqtisadiyyatı, hüququ və diplomatiyası, eləcə də təbii
sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr,
davamlılıq, iqlim dəyişikliyi barədə mühazirələrdində iştirak
edəcəklər.
Proqramı bitirən iştirakçılara ADA Universitetinin Rektoru və
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
tərəfindən imzalanmış sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, Proqramın açılış mərasimi Bakıda, bağlanış və
sertifikatların təltif edilməsi mərasimi isə Gürcüstanda
keçiriləcək.
Proqram barədə ətraflı məlumat: idd.az/bses
Son müraciət tarixi: 1aprel, 2024-cü il