...

Bu layihə olmasaydı, Bakı şəhəri ciddi su problemləri ilə üzləşə bilərdi – Komitə sədri

Cəmiyyət Materials 28 Fevral 2024 10:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin göstərişi ilə son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri həyata keçirilir. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır, bu layihə olmasaydı, Bakı şəhəri ciddi su problemləri ilə üzləşə bilərdi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, Taxtakörpü su anbarının tikintisi də bu qəbildəndir.

“Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir və Bakının su probleminin həll olunmasında xüsusi rol oynayır.

Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi, eyni zamanda Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır. Son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarlarının tikintisi bu sahədə görülən işlərə bir töhfədir.

Bildiyimiz kimi, Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində bütün regionlarında müxtəlif həcmli onlarla su layihələri reallaşdırılıb və proses davam etdirilir.

2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyanın hazırlanması da ölkə rəhbərliyinin respublikamızda su təchizatının daha da yaxşılaşdırılmasına verdiyi ciddi önəmin təzahürüdür. Məhz dövlət başçısının hakimiyyət illərində istifadəyə verilən Taxtakörpü, Şəmkirçay su anbarları, Samur-Abşeron su sistemi, o cümlədən işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına hazırda tikintisi həyata keçirilən Suqovuşan, Xaçınçay, Köndələnçay, Qız qalası, Həkəriçay, Bərgüşadçay, Zabuxçay su anbarları və onlardan qidalanan kanalların inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bütün bunlar uğur göstəriciləridir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti