Bakı. Trend:
Uşaqların daha etibarlı müdafiəsi ilə bağlı tədbirlər görülə bilər.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə uşaq hüquqlarının etibarlı müdafiəsi məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 228.2-ci maddəsinin yeni redaksiyada ("Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi psixoloqun, zəruri hallarda isə müəllimin, digər müvafiq ixtisaslı mütəxəssisin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.”) verilməsi təklif edilir.
Eyni zamanda uşaq hüquqlarının etibarlı müdafiəsi məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 432.5-ci maddəsindən (“16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməlidir.”) “16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan” sözlərinin çıxarılması təklif edilir.