Bakı. Trend:
Bu gün Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilib.
Trend xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak edib.
Festivalda uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s.), animatorların iştirakı ilə əyləncələr və sonda konsert proqramı təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, ailə milli mənəvi dəyərli almaq, vətəndaş kimi böyümək, cəmiyyətə hazır bir şəxsiyyət kimi formalaşmağa şərait yaradan mühitdir.
O bildirib ki, bu mühit o qədər sağlam olmalıdır ki körpələr qayğı ilə böyüyüb bəşəriyyət üçün önəmli şəxsiyyət olsun.
"Qarşımızda dayanan əsas hədəf insan, kamil insanlardan ibarət cəmiyyətdir. Bizim iqtisadi, sosial, siyasi fəaliyyətlərinin mərkəzində insanların mənafeyi dayanır. Bütün bunlar ilk sosial birlik olaraq ailə mühitində insanlara aşılanır. Ailə çox önəmli vəzifəni yerinə yetirir. Xalqın millətin dayanıqlı həyatını təmin etmək üçün ən əlverişli mühit ailədir. Milyonlarla cəmiyyətlər kiçik ailələrin nəticəsində formalaşır.
Azərbaycanda ailə mühiti yüksək səviyyədə yaradılır. Xalq olaraq biz türk kimliyimizə sadiq qalmışıq, milli-mənəvi dəyərlərimizə sahib çıxmışıq, sərvətlərimizi söykənmişik. Bunun nəticəsidir ki ölkəmiz Azərbaycan dünya ölkələri içərisində sözün yaxşı mənasında seçilir, nümunəvi ölkə kimi təqdim edilir. Dövlət qurumları olaraq dünya ictimaiyyəti ilə birgə layihələr icra edirik. Ailə festivalının keçirilməsində səbəb də məhz ailə anlayışının müqəddəsliyinə işarədir", - o deyib.
B.Muradova Qarabağa köç edən ailələrin də ata-baba yurdlarına qayıdacaqlarına inanaraq vətənpərvər övladlar yetişdirdiyi diqqət çəkib: "Azərbaycan xalqı var olduqca, torpaqların bütövlüyünün bərpasına inanıb. Torpaqlarımızın bütövlüyünü təmin edən qəhrəman oğullar da məhz Azərbaycan ailəsində böyüyüblər. Bu oğulların vətən sevgisi də ailə mühitindən gəlir və vətən keşiyində dayanan bütün soydaşlarımıza dərin təşəkkürlərimi bildirirəm. Azərbaycan bir daha icazə verməyəcək ki, işğalçılıq, müstəmləkəçilik olsun. Biz türk kimliyimizi yaşaması, dünyaya sülh və ədalət daşıması üçün xidmət edəcəyik. Bu gün aramızda gəzən körpələr onların atalarının onlara miras qoyduğu bütöv Azərbaycanı qoruyacaqlar. Ailə bütün inkişafın dayaq nöqtəsidir".
Daha sonra tədbir bədii proqramla davam etdirilib.