Bakı. Trend:
Bu gün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəman şəhidimiz Sərxan Mirzəmmədovun doğum günüdür. Yaşasaydı 26 yaşı tamam olacaqdı. Lakin o, ömrünün qalan hissəsini Vətən torpaqlarının azadlığı uğrunda qurban verdi, tarixi Zəfərin əldə olunmasında böyük fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucaldı və xalqımızın qəlbində özünə əbədi yer qazanıb.
Şəhidin anası Bibixanım Mirzəmmədova Trend-ə açıqlamasında bildirib ki, Sərxan uşaqlıqdan qəhrəmamlığı, qayğıkeşliyi ilə seçilirdi, hər kəsin sevgisini qazanmağı bacarmışdı.
O, Sərxan haqqında xoş xatirələrini bölüşüb:
“Diqqətli, qayğıkerş idi, çalışırdı ki, hamıya kömək etsin, hər kəsin əlindən tutsun. Müəllimələri də onu çox istəyirdi. Çox mehriban olub. Vətən sevgisi, Vətənə məhəbbət Sərxanda uşaqlıqdan yüksək olub. Bu gün hər kəs Sərxanı xoş xatirələrlə anır”.
Qeyd edək ki, Sərxan Osman oğlu Mirzəmmədov 1998-ci il avqustun 3-də Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mirzəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Talış-Suqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Sərxan Mirzəmmədov oktyabrın 10-da tarixində Suqovuşan istiqamətində düşmən mövqeyinə hücum zamanı düşmənin 5 hərbi qulluqçusunu məhv edərək şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi
üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Bundan əlavə Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.