Bakı. Trend:
Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Lakin son zamanlar Bakı şəhərinin bir sıra rayonlarında özlərini
Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Gigiyena və
Sanitariya Xidməti İdarəsi”nin əməkdaşları kimi təqdim edən bəzi
şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və
əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena
qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi
neqativ hallara rast gəlinir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində “Azərbaycan
Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi” adlı qurum
mövcud deyil və o qurumun təqdim etdiyi blanklarda nazirliyin
adından əsassız şəkildə istifadə edilir.
Ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində
yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti
tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız
Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla
bilər.
Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq
subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama
aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin
qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ
hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə,
eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.