Bakı. Trend:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) müsahibə mərhələsində 4658 nəfər uğur qazanıb. Uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin yekunları ilə bağlı jurnalistlərə müsahibəsində söyləyib.
O xatırladıb ki, iyulun 31-dən avqustun 5-dək müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçirilib. 17 min 475 namizəd vakansiya seçimində iştirak edərək öz ərizəsini təsdiq edib. Vakansiya seçimində 5740 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Avqustun 14-dən 22-dək müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi təşkil edilib. Müsahibələrə ümumilikdə 5740 namizəd dəvət olunub, onlardan 39-u şəhid ailəsi üzvüdür. 4994 nəfər müsahibə mərhələsində iştirak edib.