Bakı. Trend:
ABŞ-nin paytaxtı Vaşinqtonda təşkil olunan Amerika – Azərbaycan Gənclərinin Forumunun iştirakçıları arasında “Breyn Rinq” intellektual oyunu keçirilib.
Trend xəbər verir ki, Şimali Kaliforniyada yaşayan diaspor fəalları Nurlan Şükürlü və Ülvi Verdiyevin təşkilatçılığı ilə baş tutan yarış qonaqlar tərəfindən maraqla qarşılanıb.
Oyunda 8 komanda iştirak edib. Suallar Azərbaycan dilində tərtib olunub və Azərbaycan mədəniyyətinə, tarixinə, adət-ənənələrinə, eləcə də dünya mədəniyyətinə aid olub.
Gərgin keçən final görüşün sonunda "Azərbaycan Xanımları" komandası “South-East" komandasına qalib gəlib.
Qaliblər medallar və kubokla təltif ediliblər.
Forumun ikinci günündə iştirakçılar Vaşinqtonun tarixi yerlərində ekskursiyada olublar.
ABŞ-nin 21 ştat və şəhərində təhsil alan və yaşayan azərbaycanlı gənclər Ağ Evi, tarixi Kapitol Hilli, ABŞ-nin 16-cı prezidenti Abraham Linkolnun şərəfinə ucaldılan Linkoln Memorialını və ABŞ-nin 3-cü prezidenti Tomas Cefersonun Memorialını ziyarət edib, xatirə şəkli çəkdiriblər.
Forum iştirakçıları tədbirin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan – Amerika Təşkilatları Alyansına təşəkkürlərini bildiriblər.