Bakı. Trend:
14 sentyabr tarixində Bonn şəhərində keçiriləcək Azərbaycanlı Həkimlərin III Forumu alman mətbuatında geniş yer alıb. Bu forum Azərbaycandan olan təxminən 200 tibb mütəxəssislərini bir araya gətirəcək.
Trend xəbər verir ki, bu barədə Almaniyanın informasiya portalları məlumat yayıb.
"Bu tədbir yalnız bir forum deyil. O, Azərbaycan ilə Almaniya arasında mədəni körpülər quran tibb işçiləri arasında möhkəm əlaqələri və təcrübə mübadiləsini simvolizə edir", – “Mein Berlin” nəşri yazır.
Alman mətbuatı azərbaycanlı həkimlərin Almaniyanın səhiyyə sisteminə olan əhəmiyyətli töhfəsini vurğulayır.
"Hazırda Almaniyada 2000-dən çox azərbaycanlı həkim çalışır və yerli səhiyyə sisteminə dəyərli töhfələrini verir. Bu tədbir azərbaycanlı həkimlərin Almaniyanın səhiyyə sistemində artan təsirini vurğulayır və mədəni və peşəkar əlaqələri gücləndirmək üçün imkan yaradır. Bundan əlavə, Azərbaycan Tibb Universitetinin tələbələrinin hər il təxminən 60 faizi Almaniyaya gəlmək istəyini ifadə edir, bu da ixtisaslı işçi qüvvəsinin işə götürülməsi tendensiyasını nümayiş etdirir", - “Hanauer Anzeiger” nəşri yazır.
“Nachrichten Heute” məqaləsində forumun keçən il Troisdorf şəhərindəki GFO klinikasının radiologiya, neyro-radiologiya və nüvə tibb şöbəsinin baş həkimi və Almaniya Azərbaycanlıları Alyansının sədri olan tibb elmləri doktoru Nuran Abdullayev tərəfindən təsis edildiyi vurğulanır. Hazırda forumun idarə heyətinə Elvin Hüseynov başçılıq edir. Məqalədə, həmçinin, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da daxil olmaqla, Azərbaycan hökumətinin nümayəndələrinin tədbirdə iştirak edəcəyi qeyd edilir.
"Forum mövcud əlaqələri gücləndirmək və gələcək əməkdaşlıq üçün zəmin hazırlamaq məqsədini güdür. Bu, azərbaycanlı həkimlərin Almaniyanın səhiyyə sisteminə verdiyi töhfəni tanımaq və bu mütəxəssislərin Almaniya səhiyyə sisteminə uğurlu inteqrasiyasını vurğulamaq üçün unikal bir fürsət olacaq", - “Kurier” nəşri yazır.