Bakı. Trend:
Dünyada başverən hadisələr göstərir ki, kibertəhlükəsizliyin həllinə daha çox diqqət yetirməyə məhkumuq.
Trend xəbər verir ki, bu barədə ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, son bir həftə ərzində dünyada baş verən hadisələr göstərir ki, bu məsələlərin həllinə daha çox diqqət yetirməliyik.
“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik mövzusu dövrümüzün ən aktual mövzularındandır və bu məsələlərə diqqət yetirməyi zəruri edir. Dünyada "yaşıl" iqtisadiyyat və kibertəhlükəsizlik getdikcə daha çox önə çəkilir. Bu iki sahə ilk baxışda fərqli görünsə də, əslində, birbiri ilə sıx bağlıdır. Hər ikisinin inkişafı üçün balanslaşdırılması çox vacibdir”.
S.Ələkbərov bildirib ki, "yaşıl" iqtisadiyyat ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsi ilə iqtisadi inkişafı birləşdirən bir konsepsiyadır.
“Əsas məqsəd karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı, tullantıların azaldılmasına nail olmaqdır. "Yaşıl iqtisadiyyat"ın yaradılması ilə iş yerlərinin yaradılması, ekoloji standartların tətbiqi, yeni texnologiyalara investisiyaların artırılması daha çox aktuallaşır”, - deyə nazir müavini qeyd edib.