Bakı. Trend:
Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv ölkələr cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə həmfikirdir.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının bağlanış mərasimində deyib.
O qeyd edib ki, Bakıda keçirilən konfrans üzv ölkələrin prokurorluq və ədliyyə qurumları arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcək.
Daha sonra Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağının Sinqapurda (Sinqapur şəhərində) keçiriləcəyini diqqətə çatdıraraq, Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vongu bu münasibətlə təbrik edib və uğurlar arzulayıb.
Qeyd edək ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində keçirilib. Bakı Konqres Mərkəzində baş tutan tədbirin 4-cü (son) günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.