Bakı. Trend:
COP29 tədbirinə gələn qonaqlarla təmasda ola bilən, rastlaşan vətəndaşlara müxtəlif xəstəliklərin keçməməsi üçün nazirlik qrip əleyhinə peyvəndləri lazımi nöqtələrə çatdırıb.
Trend xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov COP29 konfrasına dair görülən işlərlə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, məqsəd gələn qonaqlarda qrip və respirator viruslar olarsa, vətəndaşlarımızı buna qarşı qorumaqdır.
Eyni zamanda nazir müavini qeyd edib ki, 10 minlərlə qonağın şəhərimizə gələcəyini nəzərə alaraq yaranmış təcili hallarla əlaqədar müalicə tədbirləri ilə yanaşı, profilaktika istiqamətində də işlər görülüb.
"Gələn şəxslər arasında epidemik xəstəlik daşıyıcıları da ola bilər. Bunun üçün Beynəlxalq Hava Limanında termometrlər quraşdırılacaq ki, ilkin mərhələdə hərarət ölçülsün. Daha detallı müayinə üçün zəruri diaqnostik testlərlə də təmin olunmuşuq. Şübhəli vəziyyət olarsa, həmin şəxslər təcrid olunaraq tez müalicəyə cəlb olunacaq.
Hazırda poliklinikalarda qrip əleyhinə peyvəndlənmə də davam etdirilir, bu da COP29 tədbirində xidmət edəcək vətəndaşlarımız arasında qrip xəstəliklərinin ağırlaşmalarının və yayılmasının qarşısının alınmasına kömək edəcək.
Mehmanxanalarda, ictimai iaşə obyektlərində də epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri də aparılacaq", - deyə o bildirib.