Bakı. Trend:
Bu sammit imkan verir ki, öz mesajlarımızı dünyaya çatdıraq.
Trend-in məlumatına görə, bunu İordaniyanın Dinlərarası Birgəyaşayış Araşdırmalar Mərkəzinin sədri Nabil Haddad Dini Liderlərin Qlobal Bakı Sammitinin ikinci günündə deyib.
O, bu gün dünyada çoxlu sayda münaqişə ocaqlarının olduğunu diqqətə çatdırıb.
“Bu gün təbiətimiz müharibələrdən çox əziyyət çəkir. Torpağa çiçək əvəzinə mina əkirlər. Biz din xadimləri olaraq səylərimizi birləşdirməliyik ki, təbiətimizi qoruyaq. Biz Bakıdan çağırış edirik. Səmadakı kimi yerdə də əminamanlıq olmalıdır”, - deyə o əlavə edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə iştirakçıların diqqətə çatdırıb ki, Azərbaycan da minalardan ən çox əziyyət çəkən ölkələrdən biridir.
“Siz çox mühüm bir məsələyə toxundunuz. İşğal dövründə ermənilər Azərbaycan ərazilərinə xeyli minalar basdırıb və çoxlu sayda insanlar bu minaların qurbanına çevrilib”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.