Bakı. Trend:
Şəkərli diabet bir çox ciddi xəstəliklərin meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir. Bu barədə Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-endokrinoloqu Aygün Əliyeva deyib.
Trend Aygün Əliyeva ilə müsahibəni təqdim edir:
- Aygün xanım, ilk öncə şəkərli diabet haqqında ümumi məlumat verərdiniz…
- Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas
göstəricisidir.
Xəstəliyin səbəbi insulin hormonunun ifrazının hansısa səbəbdən
kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə
qarşı rezistentlik hala gəlməsidir. Bir çox növü olan şəkər
xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra
ortaya çıxan tip 2 diabetdir. Diabetin bu növündə mədəaltı vəzində
insulin ifrazı zamanı hüceyrələrdə olan insulin ifraz olunarkən,
insulin reseptorlarının fəaliyyətsizliyi səbəbindən insulin
hormonuna qarşı həssaslıq itir. Belə olan təqdirdə qlükoza insulin
tərəfindən hüceyrələrə daşına bilinmir və onun miqdarı qanda
çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, bulanıq
görmə, ayaqlarda uyuşma, dəridə quruluq, tez-tez sidiyə getmə, çox
su içmək və yeməyə meyillik kimi simptomlarla təzahür edir.
- Bu xəstəliyin səbəbləri hansılardır?
- Şəkərli diabet xəstəliyi genetik və ətraf mühit amillərinin
birlikdə təsiri ilə müəyyən edilib. Əsas Tip 1 diabet və Tip 2
diabet olaraq şəkər xəstəliyinin yaranma səbəbinin növünə görə
fərqlilik göstərir.
Tip 1 diabet xəstəliyində genetik faktorların rolu yüksək olsa da,
qanda şəkərin tənzimləməsində rol oynayan insulin hormonu ifraz
edən mədəaltı vəzinə zərər verən viruslar və immun sistemin yaxşı
işləməməsi də xəstəliyə səbəb olan faktorlar arasındadır.
Tip 2 diabetin səbəbləri arasında çəkinin həddindən artıq çox,
valideynlərində şəkər xəstəliyinin olması, hərəkətsiz həyat tərzi
və stres aiddir.
- Doktor, insulin dirənci nədir?
- İnsulin mədəaltı vəzində “Langerhans” adacıqlarında yerləşən β
hüceyrələri tərəfindən ifraz olunur. Əsas funksiyası qanda şəkərin
miqdarının normal səviyyəsini təmin etməkdir. Qanda şəkərin
hüceyrəyə daxil olmasını isə insulin hormonu təmin edir. Eyni
zamanda, insulin hüceyrələrinin ehtiyacından daha çox olan şəkəri
yağa çevrilib depolayan bir hormondur. Bu səbəbdən qanda insulin
səviyyəsi yüksək olan insanlarda piylənmə müşahidə olunur.
Əvvəlcə qəbul olunan çox miqdarda şəkərə qarşı cavab olaraq külli
miqdarda insulin ifraz olunur. Bu zaman həmin şəxslərdə aclıq hissi
yaranır. Şəkərli və undan hazırlanan qida qəbul etdikdə həmin
şəxslər tez bir zamanda acırlar. Külli miqdarda ifraz olunan
insulinin köməyi ilə hücəyrələrə həddən artıq şəkərin daxil olması
həmin hücəyrələrin normal fəaliyyətini pozur. Müdafiə reaksiyası
olaraq hücəyrə membranında yerləşən insulin reseptorları insulinə
qarşı dirənc göstərməyə və insulinə cavab verməməyə başlayır.
Hüceyrədə qandakı insulinə qarşı sanki bir divar yaranır və bu
dirənc “rezistentlik” adlanır. Nəticədə Tip 2 şəkərli diabet
meydana gəlir.
İnsulin dirənci vaxtında müalicə olunmursa, piylənmə, hipertoniya,
ürək–damar xəstəlikləri, qaraciyər piylənməsi, artıq çəki, çəki
itirmənin çətin olması, tez-tez acma, gec doyma hissi, şirniyyata
qarşı xüsusi həvəs kimi hallara yol aça bilir.
- Şəkərli diabetin müalicə necə aparılır?
- Pəhriz müalicənin 80 faizini təşkil edir. Qidalanma
vərdişlərinin dəyişdirilməsi, qlisemik indeksi (Gİ) aşağı olan, az
kalorili, lifli, rafinə olunmamış məhsulların istifadəsi
məsləhətdir.
Müntəzəm şəkildə edilən fiziki aktivlik (sürətli gəzinti, üzgüçülük
və s.), gündə 30-40 dəqiqə sürətli gəzinti məsləhət görülür. Bu
zaman 1 dəqiqədə 100-120 addım atmalı, zamanla 140-a
çatdırılmalıdır. Ürək döyuntulǝri 100-ə çatmalı, tənəffus
tezləşməlidir ki, metabolizma sürətlənsin.
Müalicǝyə gəldikdə isə sadəcə sağlam qidalanma və idmanla insulin
dirǝnci 50-60 faiz hallarda düşür. Ancaq, bəzən diabet riski yüksək
olan xəstələrdə hüceyrələrin bədəndə olan insulinə qarşı
həssaslığını artırmaq üçün dərman müalicəsinə də ehtiyac olur. Qeyd
etmək lazımdır ki, bu yalnız həkim tərəfindən təyin
olunmalıdır.
- Şəkərli diabet xəstələri ücün qidalanma necə olmalıdır?
- Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli
rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən,
lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə
lazım olan səviyyədə nəzarət edə bilmir.
Xəstə mütləq və dəqiq bilməlidir ki, hansı qidaları qəbul edə
bilər, hansı qidaları yox və bu qaydalara ciddi riayət etməlidir.
Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə
şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Şəkərli diabet xəstəliyi olan insana ac qalmaq olmaz, çünki bu,
qanda şəkərin kəskin enməsinə səbəb olur. Bunun nəticəsində xəstə
koma vəziyyətinə düşə bilər. Qidanı gündə 5-6 dəfə olmaqla kiçik
porsiyalarla qəbul etmək lazımdır. Adi şəkər və fruktoza
qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan
qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Hazırda
fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır.
Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit,
aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün
tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və
yalnız nadir hallarda qəbul edilə bilər. Konfetlər, peçenye,
mürəbbə, cem, şokolad, dondurma rasiondan çıxarılmalıdır. Bal çox
faydalı məhsuldur, lakin diabet xəstələri bu məhsuldan imtina
etməlidir. Yağlı və qat-qat xəmirdən hazırlanan un məmulatları qəti
şəkildə əks-göstərişdir.
Həmçinin, təbii meyvə şirələri də qidalanmadan tam çıxarılmalıdır.
Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir. Qara
çörək qəbul etmək olar, ağ çörək isə əks-göstərişdir.
- Diabet xəstələri hamiləlik dövründə nəyi nəzərə almalıdırlar?
- Hestasion şəkərli diabet (HŞD) – əvvəllər diabeti olmayan
qadında hamiləlik zamanı ilk dəfə əmələ gələn və ya aşkar olunan
diabetin bir növüdür. Bəzi qadınlarda HŞD gələcək hamiləliklərdə də
müşahidə oluna bilər.
Adətən diabet hamiləliyin ortasında, 24-28-ci həftələr arasında
müayinə zamanı aşkarlanır. Bir çox hallarda HŞD sağlam qida və
müntəzəm idman məşğələləri ilə idarə oluna bilər. Bəzən isə
hestasion şəkərli diabetin insulinlə müalicə olunması tələb
olunur.
HŞD olan qadınlara müntəzəm həkim nəzarəti tövsiyə olunur.
Hestasion şəkərli diabeti olan hamilələr mama-ginekoloqun və eyni
vaxtda endokrinoloqun nəzarətində olmalıdırlar. Qəbula təyin edilən
vaxtdan əlavə olaraq, hansısa bir narahatlıq və ya əlamətlər
olduqda da müraciət etmək vacibdir. Eyni zamanda, onlar sağlam
qidalar qəbul etməlidirlər. Dietoloq qida qəbulunun düzgün
planlaşdırılmasına köməklik edə bilər.
Müntəzəm idman məşqləri qanda şəkərin tənzimlənməsinin daha bir
yoludur və qida qəbulunu tarazlaşdırmağa kömək edir. Həkim
müayinəsindən keçdikdən sonra hamiləlik zamanı və doğuşdan sonra da
mütəmadi idman edilməlidir. Ən azı həftənin beş günü gündə 30
dəqiqə ərzində mülayim intensivliklə fiziki hərəkətlər edilməlidir.
Bu, cəld piyada gəzinti, üzgüçülük və ya uşaqlarla fəal oyunlar ola
bilər.
Hamiləlik zamanı orqanizmdə baş verən dəyişikliklər onun enerjiyə
tələbatını artırır. Buna görə də qanda şəkərin səviyyəsi tez-tez
dəyişə bilər. Bu səbəbdən hestasion şəkərli diabeti olan qadınlar
qanda şəkərin səviyyəsini evdə qlyukometrlə gündə 1-2 dəfə
ölçməlidirlər.