Bakı. Trend:
İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misner və Demokratiyaların Müdafiəsi Fondunda enerji məsələləri üzrə böyük məsləhətçi, beynəlxalq enerji və xarici siyasət üzrə tanınmış mütəxəssis, professor Brenda Şaffer Laçına səfər ediblər.
Bu barədə Trend-ə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilir ki, səfərin məqsədi işğaldan azad edilmiş torpaqlarda qısa müddət ərzində həyata keçirilmiş bərpa-quruculuq işlərini, gələcək prioritetləri və mümkün fəaliyyət istiqamətlərini nəzərdən keçirməkdir.
Laçın şəhərində qarşılanan nümayəndə heyətinə rayonda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, iqtisadi inkişaf planları və bölgənin Azərbaycan iqtisadiyyatına inteqrasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Laçın rayonu işğaldan azad edildikdən sonra
sürətlə bərpa olunan ərazilərdən biridir, hazırda Azərbaycanın
iqtisadi, mədəni və strateji inkişafının əsas istiqamətlərindən
biri kimi diqqət mərkəzindədir.
Səfər çərçivəsində şəhərin bir sıra dağıdılmış ərazilərinə, o
cümlədən yeni qurulan müəssisələrinə baxış keçirilib. Bu
müəssisələrin regionun iqtisadi inkişafında oynayacağı mühüm rol
barədə məlumat verilib.
Qonaqlar Laçında qısa müddətdə həyata keçirilən bərpa-quruculuq
işlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər.