...

Təkcə neft-qaz məhsulları ilə deyil, mədəniyyət nümunələrimizin ixracı ilə də ölkəmizi tanıda bilərik - Bəxtiyar Aslanbəyli

Cəmiyyət Materials 28 Fevral 2025 16:13 (UTC +04:00)
Təkcə neft-qaz məhsulları ilə deyil, mədəniyyət nümunələrimizin ixracı ilə də ölkəmizi tanıda bilərik - Bəxtiyar Aslanbəyli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İxrac etdiyimiz dəyərimiz sadəcə neft-qaz məhsulları deyil, eyni zamanda, ixrac edəcək xeyli mədəniyyət nümunələrimiz də var ki, onlarla da biz ölkəmizi hər zaman tanıda bilərik.

Trend xəbər verir ki, bu sözləri bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyinə töhfəsi olan iki cildlik kitab təqdimatı zamanı deyib.

O bildirib ki, ədəbiyyat sahəsində bp tərəfindən bu vaxtadək bir çox layihələr həyata keçirilib:

"Nəsiminin 600 illik yubileyi ilə bağlı əcnəbi müəllifin ingilis dilində "Azərbaycanın ölməz şairi Nəsimi" əsəri Almaniyada nəşr edildi və Avropadakı bütün türkşünaslıq, şərqşünaslıq və İslam tədqiqatları institutlarına paylanıldı.

Daha sonra dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilində onun haqqında mühacirətdə yazılmış əsərlərinin toplusu və eyni zamanda, onun əsərlərinə həsr edilmiş bir sıra miniatürlər toplusunu nəşr etdirdik.

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi ilə bizim gənc yazarların əsərləri ilə bağlı da bir layihəmiz var. O layihənin ilkin mərhələsində 4 gənc yazarımızın, şairimizin, ikinci mərhələsində isə 5 gənc yazarımızın əsərləri artıq hazırdır. Mart ayında onların da təqdimatı həyata keçiriləcək".

B Aslanbəyli vurğulayıb ki, bp-nin ədəbiyyat mövzusuna müraciət etməyi bir ilk, təsadüf deyil:

"Fəaliyyət göstərdiyimiz ölkədə həm də bir Azərbaycan vətəndaşı olaraq ölkəmizin zəngin mədəni irsinin təbliğatı ilə bağlı bir sıra digər layihələri də həyata keçiririk. Ədəbiyyat mövzusu xüsusilə maraqlı və vacibdir. Çünki ədəbiyyat mədəniyyət və musiqi ilə bərabər hər bir xalqın tarixi, genetik kodunu özündə daşıyır. Biz ədəbiyyatımızı, musiqimizi nə qədər dərindən bilsək, nə qədər onu doğru-düzgün şəkildə növbəti nəsillərə ötürə bilsək, öz tarixi, genetik yaddaşımızı bir o qədər yeniləşdirmiş və bir o qədər tariximizə, öz milli-mənəvi dəyərlərimizə qayıtmış oluruq".

"İmkanlarımız daxilində bu əsərlərin ölkə hüdudlarından kənara da çatdırılmasına nail olmağa çalışırıq. İxrac etdiyimiz dəyərimiz sadəcə neft-qaz məhsulları deyil, eyni zamanda, bizim ixrac edəcək xeyli mədəniyyət nümunələrimiz də var ki, onlarla da biz ölkəmizi hər zaman tanıda bilərik", - deyə B.Aslanbəyli qeyd edib.

Xəbər lenti

Xəbər lenti