Bakı.Trend:
İşğal zamanı yararsız vəziyyətə düşən suvarma kanalı yenidən istifadəyə verilib.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilir ki, 30 ildən sonra əkin sahələri suvarma suyu ilə
təmin olunub.
"Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində düşmən əsarəti
altında qalan 30 ildən artıq suvarma suyunda yaranmış çətinlik
artıq öz həllini tapıb. Kənd sakinlərinin sözlərinə görə, 30 il
ərzində mənfur düşmən onların əkin sahələrini atəş altında
saxlayıb, neytral ərazidə yerləşən suvarma kanalını yararsız
vəziyyətə salaraq suyun sahələrə çatdırılmasına əngəl törədiblər.
Ancaq Azərbaycan ordusunun şanlı qələbəsindən sonra əkin sahələri
də, suvarma kanalları da azadlığına qovuşub.
Başlanğıcını İncəçay çayından götürən, uzunluğu 7 km olan Tap suvarma kanalı Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları vasitəsi ilə yenidən bərpa olunaraq lildən və kol-kosdan təmizlənib. Bununla da Tapqaraqoyunlu kəndinin 1500 ha əkin sahəsinin suvarılması yaxşılaşıb", - qurumdan vurğulanıb.
Qeyd edilir ki, idarə rayonda yerləşən əkin sahələrinin
suvarılmasını mütəşəkkil olaraq aparmaq üçün 986 ədəd subartezian
quyusu, 16 ədəd nasos stansiyası və ümumi uzunluğu 2277 km olan
suvarma kanalları istismar olunub.
"Bu qurğuların daimi saz vəziyyətdə işləməsi üçün il ərzində
1035 ədəd subartezian quyusunun nasosları cari təmir olunub, 46
ədəd təzə nasos alınaraq quyulara quraşdırılıb.
2025-ci ildə də rayonda bir sıra əsaslı və cari işlərin görülməsi
planlaşdırılıb. Belə ki, rayonun ərazisində olan məhsuldarlığını
tamamilə itirmiş 34 ədəd subartezian quyularında aparılacaq əsaslı
təmir işləri üçün layihə-smeta sənədləri hazırlanıb, artıq işlərin
görülməsinə başlanacaqdır. İstismar müddətini çoxdan başa vurmuş
Səfikürd nasos stansiyasının I pilləsinin 1020 mm-lik boru xəttinin
nəzərdə tutulmuş 9 km-lik hissəsinin bu il 400 metrinin yenisi ilə
əvəz olunması nəzərdə tutulub. Bütün bu işlərlə bərabər idarə
tərəfindən rayon ərazisində içməli su təminatının yaxşılaşdırılması
üçün 11 kənddə yenidən içməli su xətti çəkilməsi, su anbarlarında
və içməli su boru xətlərində təmir işlərinin görülməsi nəzərdə
tutulub. Hazırda rayon ərazisində əhalinin dayanıqlı və fasiləsiz
içməli su ilə təminatını həyata keçirilir", - məlumatda
bildirilir.
Qeyd edilir ki, Goranboy rayonunda və Murovdağ - Goranboy su
kəmərinin ətrafında olan yaxın kəndlərə abonentlərə içməli su 24
saat fasiləsiz verilir. Əvvəllər Veyisli kəndi Yeni qəsəbədə içməli
su günaşırı verilirdisə hazırda gündəlik verilir. Qazanbulaq
qəsəbəsi və Tapqaraqoyunlu kəndində əhalinin tələbatına uyğun
olaraq suyun verilməsi təmin edilir.