Bakı. Trend:
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilir ki, bu sahədə görülən işlərin davamı olaraq, 184 nömrəli avtobus marşrutu üzrə müsabiqə keçirilib və hüquqi şəxs “General Auto Company” qalib gəlib.
1 mart tarixindən 184 nömrəli müntəzəm marşrut avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən “Koroğlu” və “Ulduz” metrostansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.
Sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Marşrut üzrə gediş haqqı 0.50 AZN təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Qeyd edilir ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.