Bakı. Trend:
Cinayət məsuliyyətinə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması halları “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli Qanunun tələblərinə uyğun olaraq yenidən müəyyən ediləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda (50 min manatdan 250 min manatadək olan məbləğ) ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda (50 min manatdan 250 min manatadək olan məbləğ) ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
“Dövlət satınalmaları haqqında” Qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda (50 min manatdan 250 min manatadək olan məbləğ) ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; təkrar törədildikdə; külli miqdarda (250 min manatdan yuxarı olan məbləğ) ziyan vurduqda; hədə-qorxu tətbiq olunmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.